Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 24 Mrt,2007
Yayda biz hara gediriksə gedək, heç vaxt vacib aksessuarımızı - gün
eynəyini unutmuruq. Onlar təkcə bizim görünüşümüzü bəzəmir, həm də
səhhətimizi qoruyur.
Bu yay mösümündə dəbi diqtə edənlər öz fantaziyalarını bütünlüklə işə
salaraq, müxtəlif formalı və rəngli gün eynəkləri düzəldiblər. Əsas
şərt eynəyin gözəl (təkcə funksional yox, daha zərif və sirli) və
cəlbedici olmasıdır. Buna görə də onları bəzək daşları və metal
applikasiyalarla bəzəyirlər.
Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.
Kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə
çarpdıran aksessuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da,
sizə ziyan da vurmayacaqlar. Adi gün eynəkləri orta qurşağın
tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə
ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı
regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün
vacibdir.
Linzalar
Eynək modasından danışdıqda hər şeydən əvvəl linzaların forma və rəngi
qeyd olunur. Ötən illə müqayisədə builki eynək formalarında xüsusi bir
dəyişiklik yoxdur. Bir sıra kolleksiyalarda, məsələn, "Christian Dior",
"Nugo Boss", "Ray Ban", "Durond" "maska"- eynək, "kəpənək"- eynək ,
"aviator" - eynək modellərinə üstünlük verilib. Linzalara gəlincə isə,
məsələn, "Puma", "D&G", "Shanel" kolleksiyalarında öndə gedən rəng
qaradır.
Ümumiyyətlə, bu mövsümün rəngi qəhvəyi və zəif tonlaşdırılmış şəffaf
rəngdir. Qəhvəyi rəng qara rəng kimi, demək olar ki, hamıya yaraşır.
Bundan başqa, belə çalarlı şüşə tutqun havada da görmə qabiliyyətinə
mənfi təsir göstərmir. Şəffaf rəngli eynəklər isə daha çox dəb
xarakteri daşıyır. Əlbəttə, müasir örtüklərin sayəsində hətta açıq
rəngli linzalar da bizi ultrabənövşəyi şüalardan qoruyur. Amma gözlər
üçün təkcə ultrabənövşəyi şüalar deyil, həm də həddən artıq parlaq işıq
da zərərlidir. Bunun qarşısını isə ənənəvi tünd linzalar ala bilər.
Ultradəbli eynəklərdə şəhərdə gəzmək olar, amma çimərliyə mütləq güzgü
effektli eynək götürmək lazımdır. Yalnız onlar sizin gözlərinizi
neqativ günəş şüalarından qoruyacaq.
Bu ilin dəb tendensiyasını qradiyentli (dərəcəli) eynəklər təşkil edir.
Qradiyentli eynəklərin linzalarının yuxarı hissəsi aşağıdakına nəzərən
daha çox kölgələnir. Bu modellər avtomobil sürücüləri, çimərlikdə
mütaliə edənlər üçün çox əlverişlidir. Belə eynəyi hətta örtülü binada
da taxmaq olar.
Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər,
idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu
polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları
deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini
də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı
dağlarda istirahət zamanı istifadə edə bilərsiniz.
Gün işığından müdafiə olunmaq üçün linzanın yalnız üst qatının tutqunlaşdırıldığı "maskalı" eynək də almaq olar.
"Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün
rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq,
rənglərini dəyişirlər.
Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" müxtəlif
cür - güclü və ya zəif dərəcədə tutqunlaşırlar. Keyfiyyətsiz məhsuldan
qaçmaq üçün fotoxromlu linzaları nüfuzlu mağazadan seçin. Eynək
seçimində daha bir vacib məqam linzaların ölçüsüdür. Məsələ bundadır
ki, eynəklər təkcə göz bəbəklərini deyil, həm də gözün ətrafındakı
dərini də qorumalıdırlar. Onda bu ətraflarda qırışlar da az olacaq.
Unutmayın ki, eynəklərin linzaları bərabər səviyyədə tutqunlaşmalıdır.
Əks halda gözlər tam müdafiə olunmayacaq və tez yorulacaq.
Hansı
rəngi seçməli?
Əgər siz rəngli linzalı eynək taxmısınızsa və ətraf mühit radikal
şəkildə rəngini dəyişibsə, məlumunuz olsun ki, bu saxta eynəkdir. Firma
linzaları yalnız çaları yüngülcə dəyişməklə rəngi saxlayır. Rəngli
linzalı eynəklər şüanı dəqiq qəbul etməli olan peşə sahibləri, məsələn,
avtomobil sürücüləri üçün problem yarada bilər. Adət halı almış rəng
qammasının pozulması diqqəti yayındırır və gözləri tez yorur.
Şüşə və
ya plastika?
Gün eynəklərinin linzalarını əsasən üç materialdan hazırlayırlar: şüşə,
polikarbonat və akril plastikdən. Şüşədən hazırlanan gün eynəkləri
təhlükəsizdir. Şüşə ultrabənöşəyi şüaları keçirmir. Son illər isə şüşə
linzaları təkmilləşdirərək, onları plastiklərlə əvəz etməyə
başlayıblar. Çünki onlar daha asan əldə edilir. Amma plastik
ultrabənöşəyi şüalara qarşı müdafiəsizdir. Doğrudur, belə eynəkləri dəb
və gözəllik naminə gəzdirmək olar. Amma belə eynəklərin yaratdığı
tutqunluq bəbəyi "aldatdığı" üçün o, gərilir. Və belə gün eynəklərini
taxan adamın gözlərinin yükü artır. Zaman keçdikcə bu, göz büllurunu
bulandıra və görməni zəiflədə bilər. Bu isə artıq zarafat deyil. Gün
eynəklərinin etiketini oxuduqda, linzanın ultrabənövşəyi şüaları ötürmə
kəmiyyətinə diqqət edin. Göz üçün daha zərərli şüalar V tipli (UVB)
ultrabənövşəyi şüalardır. Buna görə də yaxşı eynək gözünüzü həmin
şüalardan bütünlüklə müdafiə etməlidir.
Eynəklərin
mənşəyi
Eynəklərin mənşəyini yoxlamaq asandır. Etiketdə qeyd olunan ticarət
markasının adı ilə eynəyin çərçivəsinin iç tərəfində (çox vaxt ad
birbaşa linzanın üzərinə çap edilir) yazılanları müqayisə edin. Həm də
diqqət yetirin ki, ektiketdə istehsalçı ölkənin, müəssisənin adı, onun
ünvanı qeyd olunsun. Əgər gün eynəkləri sizə təkcə bəzək üçün deyil,
sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan alın.
Çərçivələr
Eynək çərçivəsi üçün ən praktik material neylon hesab edilir. O,
asanlıqla əyilir və yenidən əvvəlki vəziyyətinə qayıdır. Plastik
çərçivələr daha tez sınır. İçindən metal çubuq keçən plastik çərçivələr
daha yaxşıdır.
Eynək aldıqda onu əlinizdə tutaraq, bir neçə dəfə sağanaqlarını açın və
eynəyi əyin. Yadda saxlayın ki, yaxşı çərçivə bərk yox, elastik olur və
deformasiyaya uğradıqdan sonra tezliklə əvvəlki formasını bərpa edir.
Sağanaqların bərkidildiyi vintlərin sona qədər bağlanıb-bağlanmadığına
diqqət yetirin. Eynəyin nə dərəcədə rahat olduğunu yoxlayın. Baxın,
eynəyin yastıqcaları burnunuzun üstünü, qulaqlarınızı əzmir ki? Siz
başınızı əyəndə, eynəklər düşməməli və burnunuzun ucuna sürüşməməlidir.
Yaxşı eynəklər yerindən tərpənməməlidir.
Eynəklərə necə
qulluq etməli?
Seçdiyiniz eynəklərdən uzun müddət istifadə etmək istəyirsinizsə,
yenidən eynək almaq əziyyətinə qatlaşmaq və əlavə pul xərcləmək
həvəsində deyilsinizsə, onları qaydalara uyğun saxlayın. Eynək üçün
yarıbərk üzlük alın. Daha yaxşı olar, ki, bərk futlyar alasınız və
eynəyi onda gəzdirəsiniz. Eynəyi stol və ya tumbanın üzərinə qoyanda
linzaların qabarıq tərəfini üzüaşağı qoymayın. Belə etsəniz, onları
cızmazsınız. Linzaları xüsusi xovlu parça və ya nazik dəri parça ilə
təmizləyin. Bu materiallar linzaların səthini təmiz və zərif şəkildə
təmizləyir, onun cilasını pozmurlar. Eynəklərin şüşəsinin tündlüyündən
asılı olmayaraq, günəşə birbaşa baxmaq məsləhət deyil. Əgər eynəyi
taxdığınız vaxt gözlərin kənarındakı dəri yenə də yanırsa, onda onu
dəyişin.
Eynəklər, məlum olduğu kimi, geyimə də uyğun olmalıdır. Məsələn,
tünd şüşəli və geniş çərçivəli eynəklər iş kostyumuna uyğun gəlir.
Çərçivə geyimin deyil, çantanın və ayaqqabının rəngi ilə eyni
olmalıdır. Güzgü şüşəli və intensiv tonlaşdırılmış modellər isə artıq
dəbdən düşmək üzrədir.
Gənclərin istirahət və gəzinti geyiminə qəhvəyi və qara şüşəli eynəklər
uyğun gəlir. Xatırladaq ki, ötən il parlaq və rəngbərəng linzalı
eynəklər dəbdə idi.
Çərçivələrin forma və ölçüsünə gəlincə, bu ilin dəbi bir tərəfdən ötən
əsrin 50-ci illərinin xanımlığını, digər tərəfdən isə 80-ci illərin
"dəmir ritmləri"ni xatırladır. Dizaynerlər xırda düzbucaqlı
eynəklərdən, demək olar ki, tamamilə imtina ediblər. Yeni dəb bizə göz
çuxurunu bütünlüklə örtən hamar xətli eynəkləri diqtə edir.
Təəssüflər olsun ki, ekstravaqant effektli modellər hamının sifət
quruluşuna uyğun gəlmir. Ona görə də, dəbə uyğun çimərlik aksessuarı
seçdikdə sifətinizin formasını təkrarlamayan çərçivəli eynək seçin.
Məsələn, əgər sizin sifətinizin cizgiləri qabarıq və girdədirsə, onda
sizə iti künclü eynəklər lazımdır. Yaxşı olar ki, kvadrat və ya
düzbucaqlı, enli, amma hündür olmayan eynək seçəsiniz. Onlar sizin
sifətinizi "uzadır", düz xətlər isə sifətinizi o qədər də girdə
göstərmir. Əgər sizin sifətiniz yığcam və sərt cizgilərlə zəngindirsə,
onda sizə əyilən (daha yaxşısı "pişikgözü") çərçivəli eynək uyğun
gələr. Belə eynəklərin qabarıq forması almacıq sümüyünün üstünü örtür
(onu gizlədir) və diqqəti sivri çənədən yayındırır. Əgər alnınız
enlidirsə, onda yuxarı xətti qabarıq nəzərə çarpan eynəklər seçin.
Dairəvi forma küncləri yumşaldır, effektli görünüş isə diqqəti sifətin
çatışmazlıqlarından yayındıraraq, sizi daha cəlbedici göstərir.
Amma əksinə sizin alnınız dar, sifətinizin aşağı hissəsi enlidirsə, o
zaman indi dəbdə olan çərçivəsiz eynək seçin. Azca qabarıq forma
sifətin yuxarı hissəsini enli, aşağı hissəsini isə ensiz göstərir.
Bəzən eynəkləri xarakterə uyğun da seçirlər. Dəblə ayaqlaşırsınızsa,
amma əksəriyyətin taxmadığı, əksinə, fərdi və qeyri-adi model
istəyirsinizsə, onda ya dar formalı, ya da böyük şüşəli eynəklərə
üstünlük verin. Onların rəngi əsasən qara və qəhvəyi olmalıdır.
Əgər təbiətən kolleksiyaçısınızsa, sizdə artıq bir çox müxtəlif
modellər varsa və onlara pul ödədiyinizə görə peşman deyilsinizsə, onda
bu mövsümdə çərçivəsiz, zərif tonlu şüşələri olan eynək seçməlisiniz.
Əgər siz daim klassikaya üstünlük verirsinizsə, amma bəzən nəsə yeni və
orijinal bir şey sınaqdan keçirmək istəyirsinizsə, onda tünd rəngli
böyük eynəklərə üz tutun.
Gördüyünüz kimi, eynək seçərkən ən əsas prinsip müxtəlif modellər
arasından özünüzə ən rahatını tapmaqdır (burada ucuzluq dalınca qaçmaq
lazım deyil). Razılaşaq ki, məhz gün eynəkləri özündə maraqlı ikili
effekt birləşdirir: bir tərəfdən onlar sağlamlığımızı qoruyur, digər
tərəfdən isə sirli görünüş verir.
Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin
görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün dioptriyalı gün
eynəyi seçməkdə kömək edər.
|