Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 17 İyul,2008 Üzünün dərisinə qulluq etmək üçün ən yaxşı vasitə
maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq
olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan
ibarət çətin reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan
adi məhsullardan da hazırlamaq mümkündür.
Məsələn:
- Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.
-
Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.
- Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır.
- Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə
qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə
örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.
- Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.
- Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.
- Yoqurt dərinin tonusunu yüksəldir.
Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsirə malikdir.
Güzgü, güzgü,
de görüm...
BUXAQ. Buxağı xüsusi gimnastika və arıqlamaq
yolu ilə əritmək olar. Boş vaxtlarınızda və təbii ki, sizi heç kim
görməyəndə ağzınızın qıraqlarını bacardığınız qədər aşağı istiqamətdə
gərginləşdirməyə çalışın.
Yanınıza birində isti, digərində soyuq su olan iki qab qoyun. Bərk
parçanı suya salıb sıxın və iki ucundan da tutaraq çənənizin altında
qəfil dartın. Bu halda parça zərblə çənənizin altına dəyməlidir.
Prosesi isti-soyuq su növbəsi ilə bir neçə dəfə təkrarlayın.
Buxağın və boyunun düzgün görünməsinə qaçmaq da yaxşı təsir edir.
Qaçış zamanı boyunun necə gərildiyini özünüz hiss edə bilərsiniz.
Üzünüzə qulluq zamanı boyunu qətiyyən nəzərdən qaçırmayın. Çünki
insanın yaşını dəqiq göstərən orqan məhz boyundur. Üzünüzə uyğun gələn
bütün maskaları boynunuzun dərisinə də qoya bilərsiniz.
KİRPİKLƏR VƏ GÖZLƏR. Kirpikləri hər gecə
gənəgərçək, yaxud badam yağı ilə masaj etmək yaxşı təsir göstərir. Bu,
onların yaxşı uzanmasına, sıx və daha tünd olmasına kömək edir.
Yorğunluqdan şişmiş və qızarmış gözləri çobanyastığı və çay dəmi ilə
kompres etmək lazımdır. Kompresləri ayrı-ayrılıqda, yaxud da növbə ilə
etmək olar. Bunun üçün gözünüzün ölçüsünə uyğun içərisinə çobanyastığı
və çay qoyulmuş yastıqcalar tikmək olar. Yastıqcaları ilıq suda isladıb
gözünüzə qoyun və beş dəqiqədən sonra dəyişin. Prosesi bir neçə dəfə
təkrar etmək olar.
Gözünüzün altı şiş olarkən soyuq çay kompresi məqsədəuyğundur. Bundan
başqa, gözünüzün altında kölgə varsa, oraya sərin kartofdan kəsilmiş
nazik dilim qoymaq olar. Əgər tənbəllik etmirsinizsə, kartofu
sürtgəcdən də keçirə bilərsiniz.
Südü donduraraq əldə edəcəyiniz buz göz kölgələrini aradan
qaldıracaq əvəzolunmaz vasitədir. Adaçayının tünd dəmindən də sərin
halda istifadə edə bilərsiniz. Gözünüzlə məşğul olarkən dairəvi
kosmetik pambıqlardan istifadə etsəniz həm komfort hiss edərsiniz, həm
də vaxt udarsınız.
Göz ətrafına krem çəkərkən ehtiyatlı olun. Unutmayın ki, bura
dərinizin ən zərif hissəsidir. Üz üçün olan kremlər bu məqsədlə
istifadə edilməməlidir. Bunun üçün çox əlverişli qiymətə satılan xüsusi
kremlər var. Kremi gözünüzün ətrafına barmaqlarınızın ucları ilə
döyəcləyərək çəkin. Bu, kremin eyni səviyyədə yayılması ilə yanaşı,
qırışlara qarşı masaj kimi də təsir edir.
ÜZDƏ OLAN TÜKLƏRƏ qarşı özünüz mübarizə
aparmağa çalışmayın. Azərbaycanlı qadınlar arasında geniş yayılmış
üsullar sonradan tüklərin daha qalın və qaba çıxması ilə nəticələnir.
Nə qədər baha olsa da, salonlara müraciət etmək yaxşıdır, ən azından
tüklərin qabalaşacağı qorxusundan uzaq olarsınız. Xalların üzərində
çıxan tükləri qətiyyən çıxarmaq olmaz!
GENİŞLƏNMİŞ MƏSAMƏLƏR. Bu hala əsasən yağlı
dəridə rast gəlinir və təmizlənmədən sonrakı proseslərin düzgün
aparılmaması zamanı meydana çıxır. Təmizləmədən sonra xüsusi quruducu
maskalardan istifadə etmək lazımdır. İndi belə maskaları istənilən
kosmetika satış mərkəzlərində uyğun qiymətə əldə etmək olar.
Ümumiyyətlə, genişlənmiş məsamələrə qarşı nəsə etmək istəyirsinizsə,
əvvəlcə mütləq üzdə professional təmizləmə aparılmalıdır. Belə
təmizləməni mütəxəssisə etibar etmək daha məqsədəuyğundur, ancaq bunu
ev şəraitində də etmək olar. Bununçün üzünüzü əvvəlcədən çiçək
dəmləməsində 10 dəqiqə buğa verin. Açılmış məsamələri nazik plastik
çubuqlarla təmizləyin. Bu məqsədlə metal çubuqlardan qətiyyən istifadə
etmək olmaz! Üzünüzü buğa verməzdən əvvəl yumşaq fırça ilə sürtsəniz,
məsamələr tez açılar və asanlıqla təmizlənər. Təmizləməni dərisi quru
olan qadınlar ayda bir dəfə, yağlı dəriyə malik olanlar isə iki dəfə
etməlidirlər.
QIRIŞLAR. Təəssüf ki, əvvəl-axır hamımızın
üzündə qırışlar əmələ gəlir. Onlarla mübarizə aparmaq isə həddən artıq
çətindir. Ancaq yaşlı görünməyi heç kim istəmir.
Əslində, yaşı göstərən bu elementə bəzən gənc qadınlarda da rast
gəlinir. Bunlara mimiki qırışlar deyilir. Qırışları effektlə aradan
qaldırmağa ancaq mütəxəssislər nail ola bilərlər. Biz isə onları,
sadəcə, azalda və yaxud qarşısını ala bilərik. Bunun üçün gündə 1,5
litrdən az olmayaraq, su içmək vacibdir. Su dərinin nəmliyini artırır
və onun qocalmasını ləngidir. Bundan başqa, qırışlara qarşı kremləri
indi istənilən yerdə əldə etmək olar. Kremin bahalı olması yox, sizin
üzünüzə düşməsi vacibdir. Qırışlara qarşı başqa mübarizə üsulu üz
gimnastikası və masajdır. Bir neçə gimnastika üsulu ilə tanış olun: -
"İ, a, e, o, u, ı" saitlərini bacardığınız qədər mimiki səsləndirin.
- Qaşlarınızı qaldırın və salın.
- Qaşlarınızı çatın. Bu zaman barmağınızı qaşlarınızın ortasına qoyun, bərk sıxmadan qırışların yaranmasına mane olun.
- Göz bəbəklərinizi aktiv surətdə hərəkət etdirin.
Üzü masaj edərkən ehtiyatlı olun. Unutmayın ki, düzgün olmayan masaj
əks effektlər verə bilər! Masaj etməkdə qərarlısınızsa, barmaqlarınızın
ucu ilə üzünüzü döyəcləməklə kifayətlənin.
Gözəllik ondur,
doqquzu özünə baxmaq
Daim cavan və gözəl qalmaq hər birimizin
arzusudur. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi
əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus
qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı bir siyahı var
idi. İndi bu siyahını sizə də təqdim edirik. Bu şərtlərə qismən də
olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala
bilərsiniz.
NƏ ETMƏK LAZIMDIR: az yemək, çoxlu balıq
yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq,
çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət
etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.
NƏ ETMƏK OLMAZ: çox yemək, spirtili içkilər
qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla televizora baxmaq,
pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündür
dabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq
olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.
|