 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 22 İyul,2008 Hollivud ulduzlarını, daha doğrusu, onların qüsursuz bədən quruluşunu diqqətlə izləyən hər bir qadında onlara bənzəmək arzusu yaranır. Halbuki vəziyyətə bir qədər ciddi və diqqətlə yanaşsanız, inanın ki, onlara yazığınız gələr. Formada qalmaq üçün
özlərini, necə deyərlər, tikanlı əlcəklərlə sıxmaq bu qadınların həyat
tərzinə çevrilib. Yarıac-yarıtox keçən günün üstəlik iki-üç saatını da
idman zalında keçirmək, təbii ki, o qədər də xoşagələn məşğuliyyət
deyil. Məsələn, Qivinet Peltrou formada qalmaq üçün gündə 2 saat yoqa
ilə məşğul olur və daim mikrobiotik pəhriz saxlayır. Cennifer Aniston
isə şəxsi dietoloqunun məsləhətlərinə əməl etməklə yanaşı, günün
yarısını hovuzda keçirməyi də vacib sayır.
Bəs biz, adi qadınlar nə edək? Hər halda işdən, yaxud ev
qayğılarından qurtulub idman zalına qaçmaq və buna müəyyən miqdarda pul
xərcləmək o qədər də asan deyil. Biz məşhur deyilik və milyonlarımız da
yoxdur. Bizə özümüzə uyğun bir üsul lazımdır. Kədərli olsa da,
arıqlamaq üçün başqa üsul yoxdur! Özünüz seçin: ya idman zalında keçən
ac həyata atılın, ya da forma barədə fikrini birdəfəlik unudun. Bu,
bütün mümkün üsulları sınaqdan çıxardıqdan sonra heç bir nəticə əldə
edə bilməyənlərin fikridir. Əslində isə çarə var.
Əgər sizi daim məşğul edən və incidən fikirlərdən uzaqlaşmağa nail
olsanız, artıq çəkiylə belə xoşbəxt və şən həyat keçirə bilərsiniz. Bir
gün marafon qaçmağı unudub sevimli şirniyyatınızın dadına baxdıqdan
sonra heç bir vicdan əzabı çəkmədən axşam sevgilinizlə görüşməyi
planlaşdıra bilirsinizsə, deməli, siz artıq xoşbəxtsiniz!
Hər halda formanı saxlamaq da pis olmazdı. Bunun üçün bir neçə xeyirli
məsləhəti həyat tərzinizə çevirməniz kifayətdir. Onları özünüz seçə
bilərsiniz.
* Əvvəlcə özünüzü sevməyi öyrənin və individual olduğunuza
əmin olun. Bundan sonra görsəniz ki, çiy tərəvəzlə qidalanmaq
rəfiqənizə arıqlamaqda kömək edib, siz də bu üsula əl ata bilərsiniz.
Arxayın olun ki, mütləq sizə də kömək edəcək. Yəqin hiss etmisiniz ki,
çox vaxt ən məşhur pəhrizlər bir-birilərinin əksi olur. Pəhrizə
diqqətlə riayət edən hər kəs son nəticədə öz pəhrizini ideal sayır. Bu,
həqiqətən də belədir. Hər bir adam individualdır. Birinə əla təsir
göstərən pəhriz digərinin ümidlərini puç edə bilər. Özünüzə uyğun olanı
seçə bilərsiniz, amma qəti pəhriz olmadan da keçinmək olar.
Əgər ömürlük arıq qalmaq qərarına gəlmisinizsə, nəzərə alın
ki, bundan sonra siz yeni həyata başlayırsınız. İlk növbədə özünüzə elə
bir qida sistemi seçməlisiniz ki, o, sizə daim formada qalmaqda kömək
etsin.
Bir neçə üsulu sınaqdan keçirib heç bir nəticə əldə
etməmisinizsə, yeni pəhrizi unudun. Növbəti dəfə böyük ümidlə
başladığınız işin uğursuz nəticəsi sinirlərinizi tamamilə korlaya
bilər. Bundan sonra isə forma sizə qətiyyən lazım olmayacaq. Arıqlamaq
üçün cəhdlərin uğursuz nəticəsi kimi meydana çıxan sinir pozuntusu
insanda köklüyün sağalmaz xəstəlik olduğu fikrini yaradır. Ən yaxşısı
budur ki, yeni pəhrizə başlamazdan öncə sakitləşin. Növbəti
eksperimentə isə iradənizin sınaq etalonu kimi yox, sadəcə, əyləncə
kimi yanaşın.
Yemək hər şeydən əvvəl dadlardan alınan zövqdür. Çalışın ki,
sizin üçün də bu, belə olaraq qalsın. Bir həftə çox faydalı olan və tez
nəticə verən suda bişmiş duzsuz yulaf yarması ilə qidalandıqdan sonra
qızarmış toyuğu necə acgözlüklə yeyəcəyinizi təsəvvür edin. Bundan
sonra, təbii ki, iradəsizliyə görə özünü danlamaq və sinirlərin
pozulmaq mərhələsi gəlir. Bu hal hər dəfə təkrarlandıqca -
təkrarlanacağına isə əmin olun - sinirləriniz bir az da pozulacaq.
Əlavə kalorilər isə öz yerində qalacaq. Bu, sizə lazımdırmı?
Dietoloqlar belə məsləhət görürlər: ürəyinizdən keçən hər şeyi az
miqdarda yeyə bilərsiniz. Ən əsası, yavaş-yavaş və zövq ala-ala. Bundan
sonrakı gün ancaq meyvə və tərəvəzlə keçirərək, dünənki kalorilərin
əvəzini çıxar və vicdan əzabından qurtularsınız.
Yəqin ki, salatlarla arıqlamağın mümkün olduğu haqda
eşitmisiniz. Bir çoxları bu sözü eşidən kimi bütün qidaları unudub
ancaq yağsız və xamasız salat yeməyə başlayır. Bir qədər sonra hiss
edəcəksiniz ki, siz bütün günü ancaq yemək haqqında düşünür və özünüzü
pis edirsiniz. Məsələ bundadır ki, qatqısız salat aclıq hissini
artırır. Buna görə də pəhriz salatınıza bitki yağı və xama əlavə
etməkdən çəkinməyin. Həm tərəvəzlərin dadı yaxşılaşacaq, həm də xeyri
çox olacaq. Yeri gəlmişkən, çoxlarına salat qəti uyğun gəlmir. Deməli,
salatların ümumilikdə pəhrizin əsası olduğuna istinad edib özünüzü
onlarla doyuzdurmaq gərəksizdir. Salatın əvəzinə bişmiş tərəvəz yeməyə
çalışın. İlıq, yumşaq tərəvəzlər asanlıqla qəbul edilir, yaxşı həzm
olunur və bağırsaqda problem yaratmır.
Sübut olunub ki, kalsium pəhrizin nəticələrinə kömək edir.
Gündə heç olmasa bir stəkan az yağlı süd içməyi adətə çevirin. Əgər
südü qətiyyən sevmirsinizsə, onda kalsiumu tablet şəklində qəbul edin.
Ümumiyyətlə, vitaminlərdən və qidadan imtina etməyin, xüsusilə də
pəhrizdə olarkən. Qidada vitaminlərin və mikroelementlərin çatışmazlığı
orqanizmi stresə qarşı həssas edir və seçilmiş pəhrizdən tezliklə
imtina etməklə nəticələnir.
Aerobika, fitnes sözləri sizi əsəbiləşdirir? Əslində, bu, o
qədər də qorxulu deyil. Gündə 20 dəfə oturma hərəkəti etməkdən
başlayın. Bu, cəmi yarım dəqiqə vaxtınızı alacaq. Bir qədər vaxt
keçdikdən sonra əzələlərinizin bərkidiyini, bədəninizin isə daha zərif
olduğunu hiss edəcəksiniz. Həvəsiniz olsa, buna başqa idman növlərini
də əlavə edə bilərsiniz. Arıqlamağa aerobika ilə eyni səviyyədə qaçış,
piyada yerimək və rəqs də kömək edir. İdmana nifrətin başqa bir
növündən - intensiv məşğələlərdən də uzaq olmağa çalışın. Gərgin
qrafikdən bezib idman məşğələlərini tamamilə atmaq ehtimalı daha
yüksəkdir.
Qadın üçün idman yetərincə problemli məsələdir. Böyük
həvəslə idmana başlayan qadınlar superintensiv məşğələlərdən yarım il
sonra idmana, ümumiyyətlə, nifrət edirlər. İdmana marağın itməsi onun
həyatımızdan tamamilə çıxmasına səbəb olur. Belə bir problemlə üz-üzə
qalmamaq üçün hər səhər 10 dəqiqə gimnastika ilə məşğul olmaqla
kifayətlənin. Piyada gəzməyə çox vaxt sərf edin. Zərifliyi saxlamaq
üçün bu fiziki hərəkətlər və bəzi əlavələr kifayətdir.
Nahara bir neçə saat qalmış aclıq hiss edirsinizsə, bir,
yaxud iki fincan təzə dəmlənmiş çay için. Yaşıl çay bu məqsəd üçün
ideal variantdır. Aclıq hissi o dəqiqə yox olacaq. Bundan başqa, belə
hesab olunur ki, çay orqanizmdə piyləri əridir. Üstəlik o, əlavə mayeni
çıxarır və maddələr mübadiləsini normallaşdırır.
Yedikdən sonra toxluq hissinin uzun müddət qalması üçün nahardan 10 dəqiqə əvvəl 2 çay qaşığı zeytun yağı için.
Dietoloqların fikrincə, zülallar karbohidrat və yağlardan daha
tez toxluq hissi yaradır. Buna görə də yeməyə məhz zülallardan
başlayın. Əgər naharda tərəvəzlə balıq yeyəcəksinizsə, onda əvvəlcə
balığı yeyin və sonra digərlərinə keçin.
Əgər xüsusi bir gün üçün sürətlə zəifləmək istəyirsinizsə,
üç-beş gün yağsız ağ balıq və tomat şirəsindən ibarət pəhriz saxlaya
bilərsiniz. Nəticə sizi çox təəccübləndirəcək. Bu zaman heç bir
çətinlik hiss etməyəcəksiniz. Hər yeməkdə 100-150 qram qaynadılmış
balıq və 2 stəkan tomat şirəsi qəbul edin. Ancaq unutmayın ki, bu
pəhrizi ən uzağı 5 gün saxlamaq olar. Bundan sonrası ağır nəticələrə
səbəb ola bilər.
Xörək hazırlayarkən ədviyyatlardan istifadə edin. Hər yeməyə
3-4 ədva kifayətdir. Əks halda, xörəyin dadını qaçıra bilərsiniz və
üstəlik, bu, ürəyinizi də vurar. Ədvalardan normal səviyyədə istifadə
həm xörəyin dadını yaxşılaşdırır, həm də orqanizmə xeyir edir. Məsələn,
sarımsaq orqanizmdən əlavə mayeni kənarlaşdırır və həzm sistemini
yaxşılaşdırır. Limonotu yağları əridir, zəncəfil stimulyasiyanı
artırır, qara istiot isə birbaşa arıqlamağa kömək edir. Yeri gəlmişkən,
Şərq elmlərinə əsaslansaq, məhz acı, turş dadların çatışmazlığı köklüyə
səbəb olur. Ədvalarda isə daha çox bu dadlar olur. Bir sözlə, zərif
bədən quruluşunun saxlanması üçün bir çox maraqlı üsullar var. Bezməmək
üçün sizə uyğun olan, optimal bir üsul seçin. Öz individuallığınızı və
təbiətinizi nəzərə almağı da unutmayın. Ən əsası isə bu üsullardan
həmişə istifadə etmək lazımdır. Yalnız bu halda uğura əmin ola
bilərsiniz.
|