| 07 Noy,2008 - Yeni mövsümdə yaradıcılığınızda hansı yeniliklər təqdim edəcəksiniz? - Yeni mahnı yazdırmışam. Ritmik mövzuda olan mahnı «Ay qız, oyan!» adlanır və müəllifi Murad Arifdir. Replə sintez şəklində olacaq mahnının rep hissəsini Ulya adlı qız deyəcək. Cavan qızlara ünvanlanan mahnı xəbərdarlıq mövzusundadır. Mahnıya klip də çəkdirmək fikrim var. Çünki çox sümüyə düşən mahnı olacaq. - Artıq 8 ildir bu sənətdə olsanız da solo-konsert verməmisiniz? - Solo karyerama üç il əvvəl başlamışam və iki ildir ki, ailəliyəm. Bəlkə də həmin vaxt konsertin vaxtı idi, mənsə ailəni seçdim. Ötən il qayınatam rəhmətə gedib, hələ ili çıxmayıb. Ona görə də indi konsert verə bilmərəm. Qaldı gələn ilə. - Xarici ölkələrdən dəvətlər alırsınız? - Tez-tez alıram. Sadəcə, uşağıma görə - baxmayaraq ki, bir yaş iki aylıqdır - çox çıxa bilmirəm. Maksimum 2 günlük gedə bilirəm. Gələcəkdə çox şey ola bilər, o qədər təkliflər gəlir ki... - Erkən yaşda sənətə deyil, ailəyə üstünlük verməyinə peşman deyilsən ki? - Əsla, 26 yaşımda ailə qurmuşam, məncə erkən deyil. Hər şeyi vaxtında edənlərdənəm. Ailə də, uşaq da vaxtında olmalıdır. İkincisi də, mən artıq 8 ildir, səhnədəyəm. Nə qədər oxumaq olar? Ailə də qurmaq lazımdır. - Gənc ana olmaq çətin deyil ki? - Çox çətindir. - Köməkçiniz var? - Var, qayınanam kömək edir. O olmasa, bataram. Mən həm də tələbəyəm, dərsə, işə, çəkilişlərə gedirəm. Gecə saat 3-də səs yazdırmaqdan gəlmişəm. O kömək etməsə, mən işimi necə çatdıra bilərəm, heç bayıra çıxa bilmərəm. Sağ olsun. - Yenidən ana olmaq fikrin var? - İndi yox, bir-iki ildən sonra. Birinə güclə baxıram. - «Layla» mahnınızı ana olmamışdan öncə oxusaydınız, bu qədər səmimi alınardı? - Əlbəttə belə səmimi alınmazdı. Mən «Layla»nı ana olandan sonra oxuya bilərdim. Əvvəl oxusaydım heç yerinə düşməzdi. Mahnılarımın sözlərinə fikir verirəm. Müğənni təbliğat vasitəsidir, mahnıları ilə nə fikirləşdiyini, nə hiss etdiyini tamaşaçıya çatdırır. Məncə, qızlıq dövründə oxuduğum bəzi mahnılarım bugünkü statusumla uyğun gəlmir. Ana olandan sonra insanın dünya görüşü, mahnılarının mətni dəyişir, artıq insanlara başqa fikirləri çatdırmaq istəyirsən. - Belə mahnıların davamı olacaq? - İnanmıram. Ailə qurmağımın ikinci ili sentyabrda tamam olacaq. İki il ərzində tamaşaçılar məndən başqa şey gözləyirdilər. Məni başqa ampluada görməyə öyrəşmişdilər. Məndən soruşurlar: «Elnarə, köhnə repertuarına niyə qayıtmırsan, niyə əvvəlki imicində deyilsən?» Hiss edirəm ki, yaradıcılığımdakı dəyişikliklər insanları narahat edir. Mən onları başa sala bilmirəm ki, əvvəlki imicə qayıda bilərəm, gərək yeri gələ. Bunu da tədricən etmək lazımdır. Qadın ana olandan sonra bədən ölçüləri dəyişir. Hər şeyi yaraşdırmaq lazımdır axı! - Saçlarınızı niyə kəsdiniz? - Ötən yay çox isti keçdi, qızım da təzə anadan olmuşdu. Artıq dözə bilmədim və qırx günüm çıxmamış kəsdirdim. Amma saçlarımı saxlamışam, atmamışam. - Elnarə, qalmaqallardan uzaqsınız. Qalmaqal sizdən qaçır, yoxsa siz qalmaqaldan? - İstəmirəm, heç vaxt da istəməmişəm. Bu neçə ildə mənə də o qədər sataşan olub ki! Amma heç vaxt baş qoşmuram və qalmaqal mənim prinsiplərimə uyğun gəlmir. Müğənnilərin 99%-i istəsə də, istəməsə də qalmaqallara qoşulur. Mən hər bir addımımı ölçüb-biçirəm. Qalmaqal nə mənim ailəmə, nə də özümə yaraşır. Axır vaxtlar yoldaşım Rövşən heç qoymur efirlərdən danışmağa. Deyir «mahnı oxuyacaqsansa, oxu, amma danışma». Əslində, düz deyir. - Muğam dərsləri də alırsınız. Elnarə gələcəkdə özünü üçlükdə - tar, kaman, qavalla görür? - Milli Konservatoriyanın oxuma-xanəndəlik fakültəsinin 4-cü kursunu başa vurmuşam. Xalq artistləri Arif Babayev, Aygün Bayramova və başqalarından dərs almışam. Konsert verməyi yaxın gələcəkdə söz verə bilmərəm. Amma istəsəm, canlı olaraq efirdə 40-50 dəqiqəlik oxumağa gücüm çatar. Bir neçə dəfə verilişlərdə oxumuşam. Sırf tar-kamanla, hələ ki efirdə ifa etməmişəm. - Musiqi təhsilinizi davam etdirəcəksiniz? - Dörd il bəsdir. Müğənninin musiqi təhsilinin olması əsasdır. Heç kim deməsin «təhsilin yoxdu, niyə oxuyursan?» Təhsilin olmayanda danışmağa ehtiyat edirsən. Savadlı söz söyləməkdən ötrü söykənəcəyin şey olmalıdır. - Xarici Dillər Universitetinin də məzunusunuz. Gələcəkdə bu sənəti, yoxsa müğənnilik sənətini davam etdirəcəksiniz? - Yox e... kimə lazımdır müğənnilik. İndi cavanam, potensialım var, oxuyuram. Bu gün də elə bilirlər ki, səhnədən uzaqlaşmışam. Düzdür, mənasız verilişlərdən, restoran səhnələrindən uzaqlaşmışam, amma mənə böyük səhnələrdə çıxış etmək həmişə zövq verib. - Qızınızın adını «Kitabi Dədə Qorqud»dastanından götürüb, Burla Xatun qoydunuz. Oğlunuz olsa, adını nə qoyacaqsınız? - İnşallah, adını Harun qoyacağam...
|