Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | Gündəlik nəşr olunan qəzetlərin rəhbərləri nəşrlərin satış qiymətinin artırılmasına dair qərar qəbul ediblər. Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. Qeyd edək ki, dünən gündəlik nəşr edilən qəzetlərin baş redaktorlarının fövqəladə toplantısı olub. Toplantıda ölkədə enerjidaşıyıcıların və digər sahələrdə qiymətlərin artırılmasının nəşrlərə də təsir göstərməsi müzakirə edilib. Qəzet redaktorları belə qənaətə gəliblər ki, bu vəziyyətdən çıxmaq üçün nəşrlərin satış qiymətini artırmağa məcburdurlar: "Ona görə də yekdilliklə qərara gəlindi ki, qəzetlərin satış qiyməti artırılsın. Gələn həftənin birinci günü baş redaktorlar yenidən toplanaraq qiymətin hansı gündən etibarən və nə qədər artırılmasına qərar verəcəklər". Onun sözlərinə görə, redaktorların toplantısına mətbəələrin nümayəndələri də çağırılacaq və onların iştirakı, razılığı ilə qiymətlər müəyyənləşdiriləcək. R.Arifoğu qeyd edib ki, əgər mətbəələr gözlənilmədən öz qiymətlərini artırmasalar, bu həftə ərzində qəzetlərin satış qiyməti sabit qalacaq. Əgər gələn həftəyə qədər mətbəə xərcləri artırılsa, redaktorların fövqəladə toplantısı çağırılacaq və qiymət artımı dərhal müəyyən ediləcək. Qeyd edək ki, dünənki qərara "Yeni Müsavat", "Azadlıq", "Bizim yol", "Milli yol", "Ekspress", "Bakı xəbər", "Gündəlik Azərbaycan", "Şərq", "24 saat" qəzetləri qoşulub. "Qəzetlərin rentabelli olması üçün satış qiymətinin artırılması məsləhətdir". Bu fikirləri isə "Qaya" Mətbuat Yayımı firmasının direktoru Xanhüseyn Əliyev bildirib. Firma rəhbəri hesab edir ki, qiymət artımı zəruridir: "Çünki 1994-95-ci illərdə qəzet 1000 manata idisə, indi də həmin qiymətə satılır. Qəzetlər yeganə istehsal olunan maldır ki, indiyədək qiymətində dəyişiklik olmayıb. Mən qəzetlərin qiymətinin qalxmasının tərəfdarıyam. Bunu "Qaya"nın gəliri üçün deyil, qəzetlərin özlərinin rentabelliyi, gəliri, inkişafı üçün nəzərdə tuturam. Azərbaycanda hazırda heç bir qəzet rentabelli deyil, yəni, gəlirlə işləmir". X.Əliyev qəzetlərin satış qiymətinin artmasının alıcıların büdcəsinə mənfi təsir göstərdiyini düşünmür. O hesab edir ki, 10 qəpik artıq ödəmək alıcının imkanlarını məhdudlaşdırmır. X.Əliyevin fikrincə, qiymət artımı qəzetlərin satışını çox güzi dərəcədə aşağı sala bilər. Firma rəhbəri qiymət artımından sonra gündəlik olmayan hansısa qəzetlərin sıradan çıxacağını istisna etməyib: "Bizim firma 500-dən artıq qəzetlə müqavilə bağlayıb. Lakin bu gün Azərbaycanda real olaraq 50-60 qəzet çıxır. Hansı qəzet oxunursa, ona tələbat varsa, həmin nəşri oxucu alacaq. Hansılarına tələbat yoxdursa, həmin lazımsız qəzetlər sıradan çıxacaq" ("Trend"). |