Avropa Məhkəməsi “heykəl məhbusları”na görə Azərbaycanı 72 min avro cərimələdi

Sam Williams
14/02/2020

Qərar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə çıxarılıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “heykəl məhbusları”na görə Azərbaycanı 72 min avro cərimələyib.

Məlumat AİHM-in saytında yer alıb.

Fevralın 13-də qəbul edilən qərarda Azərbaycandan göndərilmiş 6 şikayət yer alır.

AİHM qurama ittihamlarla həbs edilmiş, daha sonra azadlığa buraxılmış gənc fəallar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə hökuməti cərimələyib.

6 şikayət gənclərin saxlanılması zamanı işgəncə, qeyri-insani rəftara məruz qalmaqdan, axtarış və götürmənin qanunsuzluğundan, məhkəməyə qədər həbsin qanunsuzluğundan verilmişdi. Gənclər AİHM-ə şikayətlərində iddia edirdilər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqları pozulub. Onlar məhkəmədən həmçinin 5-ci, 8-ci və 10-cu maddələrlə birlikdə 18-ci maddənin pozuntusunun tanınmasını da tələb ediblər.

AİHM hesab edib ki, gənclərin 3-cü, 5-ci, 8-ci, 10-cu və 18-ci (5-lə birgə) maddələrlə təminat altına alınan hüquqları pozulub. Hökumət gənclərə birlikdə 72 min avro təzminat ödəməlidir.

İşdə vəkil Elçin Sadıqov olub. Vəkil deyir ki, məhkəmə Qiyas İbrahimov və Bayram Məmmədovun polis işgəncəsinə məruz qalmasını tanıyıb:

“Konvensiyanın 3-cü maddəsinin prosedur pozuntusunu tanıdı. Qərar verdi ki, Azərbaycan Höküməti ərizəçilərə verilmiş işgəncələri araşdırmayıb. İlk dəfə məhkəməyə qədər prosedur zamanı həbsin, axtarışın, işgəncənin Ərizəçilərin ifadə azadlığına görə edildiyini tanıdı və dedi ki, Konvensiyanın 10-cu maddəsi pozulub. Ən sonda Məhkəmə Konvensiyanın 18-ci maddəsinin pozuntusunun olduğunu bir daha dedi. Bildirdi ki, insanları siyasi və pis məqsədlərlə həbs etmək, onlara işgəncə vermək olmaz”.

Bayram Məmmədov və Qiyas İbrahimli 2016-cı il mayın 10-da saxlanılmışdı. Rəsmi açıqlamada Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edidiyi, Qiyas İbrahimovdan isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilirdi.

Gənclər məhkəmədə ittihamları qəbul etməmişdilər. Onlar, vəkilləri, hüquq müdafiə qurumları bəyan etmişdilər ki, gənclər keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs ediliblər. Yerli məhkəmələr gənclərin hər birini 10 il azadlıqdan məhrum edən hökm çıxarmışdı. Hər iki gənc fəal 2019-cu ilin martında azadlığa çıxıb.