DTX: Vilyam Hacıyev aztəminatlı ailələrə evi rüşvət müqabilində verib

Sam Williams
07/05/2020

İcra başçısının evindən və xidməti otağından külli miqdarda pul vəsaiti çıxdığı bildirilir

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev sərəncamında olan vəsaitləri mənimsəmədə ittiham edilir. Eyni zamanda, vəzifəsindən sui-istifadə etdiyi bildirilir.

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumatda bildirilir.

Sənəddə Vilyam Hacıyevin həmin vəsaitləri sosial yardım adı altında ələ keçirdiyi deyilir. Bundan əlavə, o, ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini də pozub:

“Sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışlar verilməsini tapşırıb. Yəni, vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Eyni zamanda, mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə dair şübhələr var”.

Məlumatda deyilir ki, DTX mayın 5-də toplanmış materiallar və məhkəmə qərarıyla Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat keçirib. Baxış zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə aldığı pullarla bağlı qeydlər tapılıb:

“Həmin pullar müxtəlif valyutalarda idi. Xüsusi qaydada qablaşdırılaraq saxlanılırdı. Həmin vəsaitlər və digər sənədlər sübut kimi götürülüb”.

Məlumatda deyilir ki, Vilyam Hacıyev İmişlidə aztəminatlı ailələr üçün inşa edilən mənzilləri növbə əsasında yox, rüşvət müqabilində verməsi ilə bağlı əsaslı şübhələr var:

“İşsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb edib, əməkhaqqı kartlarına köçürülən pulları mənimsədiyinə dair də məlumatlar tapılıb. Bundan əlavə, onun rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçirməsinə dair şübhələr var. Eləcə də İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin”.

DTX bildirir ki, Vilyam Hacıyev həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar alıb. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldığı vəsaitlər də daxildir:

“Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə ittiham edilir. Hazırda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir”.