Niderland polisi jurnalistin təhlükəsizliyi ilə bağlı tədbirlər görür

Sam Williams
23/02/2020

Niderland polisi yenidən Azərbaycandan olan mühacir Türkel Əlisoyun (Azərtürk) yaşadığı evə gələrək təhlükəsizliklə bağlı təlimat verib. “Bu dəfə polis daha iki nəfər prokurorluq əməkdaşları ilə birlikdə gəlmişdi. Bir saatdan artıq söhbət etdik. Prokurorluq əməkdaşları məsələnin Niderland Krallığının Baş Prokurorunun göstərişi əsasında araşdırıldığını, bu iddianın ciddiliyinə inanmaq üçün əllərində bəzi əsaslar olduğunu bildirdilər. Əməkdaşlar bağçaya gedən azyaşlı övladlarımın artıq xüsusi nəzarətə götürüldüyünü, şəxsimlə bağlı başqa təhlükəsizlik tədbirlərinin də görülməsində mənə və ailəmə yaxından kömək edəcəklərinə söz verdilər” , jurnalist Facebook səhifəsində yazıb.

Türkel Əlisoy 2015-ci ildə Azərbaycandan mühacirətə gedib. O, xaricdə fəaliyyət göstərən "Azərbaycan saatı" internet televiziya proqramının aparıcısıdır. Əlisoy Azərbaycan hökumətini və hökumət üzvlərini kəskin tənqidi verilişləri ilə tanınır.

Bundan öncə fevralın 12-də Niderlandın polis əməkdaşları jurnalsitin evinə gələrək onu təhlükə ilə bağlı xəbərdar ediblər.

Polis əməkdaşları bildiriblər ki, onlarda Əlisoyun və daha 9 nəfərin həyatına qəsd hazırlanması ilə bağlı etibarlı mənbədən (Azərbaycandan) alınmış məlumatlar var.

Polis aşağıda adları qeyd edilən adamların maksimum ehtiyatlı davranmalarını tövsiyə edib: Qənimət Zayidov (Zahid), Emin Əhmədbəyov, Türkel Əlisoy (Azərtürk), Leyla Yunus, Arif Yunusov, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli.

https://www.amerikaninsesi.org/a/niderland-polisi-jurnalistin-t%C9%99hl%C3%BCk%C9%99sizliyi-il%C9%99-ba%C4%9Fl%C4%B1-t%C9%99dbirl%C9%99r-g%C3%B6r%C3%BCr-/5296307.html